Tibb işçiləri – rəhmət və ümid mələkləri
Tibb işçiləri – rəhmət və ümid mələkləri

İslam İnqilabının Ali Rəhbəri Ayətullah Seyid Müctəba Hüseyni Xameneinin Həzrət Zeynəbin (s.ə.) mövludu və Tibb Bacıları Günü münasibətilə müraciəti yayımlanıb.
İslam İnqilabının Ali Rəhbəri Ayətullah Seyid Müctəba Hüseyni Xamenei Həzrət Zeynəbin (Allahın salamı olsun Ona) mövludunun ildönümü və Tibb İşçiləri Günü münasibətilə yayımladığı müraciətində İslami olan İranının Zeynəb ruhlu xanım və qızlarının İran xalqının misilsiz dirçəlişi dövründəki rolunu heyrətamiz adlandırdı. Tibb işçilərinin dirçəldici və ümidverici roluna, eləcə də cəmiyyətin cismi və ruhi sağlamlığının və təhlükəsizliyinin təmin olunmasında mühüm təsirlərinə toxunaraq, səhiyyə sahəsindəki məsul şəxslərə tibb işçilərinə xüsusi diqqət yetirməyi tövsiyə edib.
Müraciətin tam mətni belədir:
Bağışlayan və mehriban Allahın adı
Hər il Cəmadiyül-əvvəl ayının beşi Allahın yaratdıqlarının ən üstünləri sayılan Xəmsəyi-Təyyibənin (Allahın salam və salavatı onların hamısına olsun) məhəbbəti, tərbiyəsi və daim onların yanında olması sayəsində yetişib boya-başa çatmış bir xanımın mübarək mövludunu xatırladır. Həzrət Zeynəbi-Kübranın (Allahın salamı olsun Ona) bu nurani məktəbdə əlli ildən artıq müddətdə tərbiyə alması və yetişməsi əsrlərin bu parlaq ulduzunda şərəf və üstünlük xüsusiyyətlərini o qədər rəngarəng şəkildə təzahür etdirmişdir ki, o, daim Allah övliyalarının tərifinə, heyranlığına və fəxrinə səbəb olmuşdur. Onun parlaq şəxsiyyətinin zirvəsi Aşura qəhrəmanlığında təcəlli etmişdir. O, bir tərəfdən Kərbəla çölünün məzlumlarına sonsuz şəfqət və xeyirxahlıqla yanaşır, onlara səbirlə qayğı göstərirdi, digər tərəfdən isə möhkəmlik və şücaətin ən uca nümunələrindən birinə çevrilirdi.
İslam hərəkatı və inqilabının tarixi lap əvvəldən İranın Zeynəb ruhlu xanım və qızlarının fəal iştirakını əks etdirən səhnələrlə doludur. İran xalqının Müqəddəs Müdafiənin üçüncü mərhələsində gerçəkləşən misilsiz dirçəlişi dövründə bu iştirak həm keyfiyyət, həm də kəmiyyət baxımından heyrətamiz səviyyəyə çatmışdır. Bu gün İslami olan İran xanımları müxtəlif sahələrdə, xüsusilə də şəhər və kəndlərdə keçirilən meydan tədbirlərində fəal iştirakları ilə əməli şəkildə həqiqətləri bəyan etmək və sərt müharibənin arxa cəbhəsində müqavimət göstərmək sahəsində ön sıralarda yer alırlar. Belə ki, xalqın əzab-əziyyət çəkməsini və əzilməsini daim istəyən dövrün tağutları bu böyük insan kütləsi ilə qarşılaşmağa özlərində güc tapmırlar.
Pak Əhli-beytə (Allahın salamı və salavatı onların hamısına olsun) könül vermiş bu diyarın insanları Həzrət Zeynəbi-Kübranın mövlud gününü şəfqət, dərdli insanlarla həmrəy olmaq və onlara fədakarlıqla xidmət göstərmək xüsusiyyətlərini nəzərə alaraq, haqlı olaraq Tibb İşçilərinin Əməkdar Günü kimi qəbul etmişlər. Çünki bu əxlaqi xüsusiyyətlərin və insani dəyərlərin bir çoxu zəhmətkeş və dəyərli tibb işçilərinin fəaliyyətində özünü aydın şəkildə göstərir.
Tibb işçilərinin rolu həkimlər, müəllimlər və tərbiyəçilər, ruhanilər və xilasedicilər kimi bəzi digər peşə sahiblərinin rolu ilə yanaşı, insanları həyata qaytaran və onlara ümid bəxş edən bir roldur. Buna görə də tibb işçisinə bəzən rəhmət mələyi kimi baxılır. Bu, xəstə və əzab çəkən insanların kobud davranışları və səbirsizlikləri qarşısında tibb işçisinin onlara rahatlıq, ümid və şəfa bəxş etməsi, nəticədə isə İlahi rəhmətin nazil olmasına vəsilə olması zamanı baş verir.
Əlbəttə, tibb işçilərinin xəstələrin müalicəsindəki rolu həkimlərdən fərqli olaraq, davamlı, müntəzəm və səbirli iştirak tələb edir. Belə iştirakın təsiri yalnız fiziki sağlamlıqla məhdudlaşmır, o, həm də mənəvi və psixoloji ağrılara məlhəm olur və bir çox hallarda ümidsizliyin insana qalib gəlməsinin qarşısını alır. Məhz belə olur ki, həkimlərin imkanları xaricində qalan işlər tibb işçilərinin bu qayğıkeş rolu sayəsində həyata keçirilir.
Dünya imperializminin mənfur şəbəkəsinin azadlıqsevər və müqavimət göstərən xalqlara, xüsusilə də İran xalqına qarşı hər cür zülm və cinayət törətmək üçün heç bir cəhddən çəkinmədiyi, o cümlədən müalicə və dərman təminatı ilə bağlı müxtəlif məhdudiyyətlər tətbiq etməklə böyük İran xalqına əziyyət verməyə çalışdığı bir dövrdə tibb işçilərinə diqqət yetirilməsi, tibb işçiləri təbəqəsinin gücləndirilməsi, onların biliklərinin, bacarıqlarının, imkanlarının, ruh yüksəkliyinin, motivasiyasının və ləyaqətinin qorunub saxlanılması və daha da artırılması, xüsusilə də özlərini dövlətə və qeyri-özəl qurumlarda xidmətə həsr edən tibb işçilərinə qayğı göstərilməsi cəmiyyətin cismi və ruhi sağlamlığının, eləcə də təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Buna görə də səhiyyə sahəsindəki məsul şəxslərdən gözlənilir ki, üzərlərinə götürdükləri öhdəliklərə uyğun olaraq, bu mühüm məsələlərə üstünlük versinlər.
Bu iki əlamətdar gün münasibətilə əziz xalqımızı, İslami olan vətənimizin vəzifəsinə sadiq və iradəli xanımlarını, xüsusilə də tibb bacısı və qardaşlarını təbrik edirəm.
Sonda tibb işçiləri arasında olan məzlum və fədakar şəhidlərə, xüsusilə də ikinci və üçüncü tətbiq olunmuş müharibələrdə, eləcə də 2026-cı ilin yanvar ayındakı fitnə zamanı şəhid olmuş tibb işçilərinə Allahın rəhmətini diləyirəm. Ağamız İmam Zamanın (Allah Onun şərafətli zühurunu tezləşdirsin) duası ilə Uca Allahın İran xalqına daha böyük izzət və qüdrət, eləcə də Həzrət Zeynəbin (Allahın salamı Ona olsun) məktəbinə tabe olmağa layiq olan hər bir neməti bəxş etməsini ümid edirəm.
Seyid Müctəba Hüseyni Xamenei
16.10.2026