rahbar.ir

Xəbər

Ali Məhkəmə sisteminin rəhbəri İnqilabın Ali Rəhbəri ilə görüşüb

Höccətül-İslam vəl-müslimin Möhsüni Ejei Ali Məhkəmə sisteminin rəhbəri İslam İnqilabının Ali Rəhbəri Ayətullah Seyid Müctəba Hüseyni Xamenei ilə görüşüb və söhbət edib.

Görüşdə ədalətin genişləndirilməsi, ümumi hüquqların təmin edilməsi, fəsad və onun əsas amillərinə qarşı təsirli mübarizə yolu ilə sistemin ictimai dayaqlarının gücləndirilməsi; işlərə sürətlə, dəqiqliklə və qətiyyətlə baxılması, hökmlərin vaxtında icra edilməsi və çəkindirici təsirə malik olması; məhkəmə sistemində hərtərəfli və müşahidə olunan dəyişikliklərin həyata keçirilməsi; mühüm məsələlərdə, xüsusilə qanunların düzgün icrasına nəzarət, müntəzəm yoxlamaların aparılması, təşkilat və qurumların idarəçiliyinə dəstək göstərilməsi sahəsində müasir texnologiyalardan maksimum istifadə edilməsi; cinayətə səbəb olan vəzifə səhlənkarlıqlarına baxılması; məsul qurumlarla əməkdaşlıq şəraitində cinayətkarlığa qarşı qətiyyətli mübarizə aparılması və qanun pozuntularına şərait yaradan amillərin aradan qaldırılması; habelə Amerika-sionist cinayətkarlarının törətdikləri cinayətlər nəticəsində dəymiş maddi və mənəvi zərərin ödənilməsi və hüquqların bərpası istiqamətində ciddi səylərin göstərilməsi vurğulanıb.

Görüşün əvvəlində Möhsüni Ejei Ali Məhkəmə sisteminin yeni dövr üçün nəzərdə tutulan proqramları barədə məlumat verib. Bu proqramlara Məhkəmə sistemində islahatlar və yenilənmələr sənədinin müasirləşdirilməsi, işlərə baxılmasına sərf olunan vaxtın azaldılması, xərclərin aşağı salınması, qərarların əsaslılığının artırılması və Ali Məhkəmə sistemi əməkdaşlarının peşə fəaliyyətində dürüstlüyün yüksəldilməsi məqsədilə işlərin rəqəmsallaşdırılmasının sürətləndirilməsi də daxildir.