Ali Baş Komandanın silahlı qüvvələrin yüksək rütbəli komandirlərinə düşmənin mümkün təhdidləri ilə bağlı göstərişi:
Ali Baş Komandanın silahlı qüvvələrin yüksək rütbəli komandirlərinə düşmənin mümkün təhdidləri ilə bağlı göstərişi:

Silahlı qüvvələrin yüksək rütbəli komandirləri Silahlı Qüvvələrin Ali Baş Komandanı Ayətullah Seyid Müctəba Xamenei ilə görüşüblər.
İnqilab Rəhbəri bu görüşdə “Düşmənlərlə güclü şəkildə qarşıdurma aparmaq üçün düşünülmüş döyüş hazırlığını” “Maksimum çəkindirmənin” zəruri şərtlərindən biri hesab edib. O Həzrət göstəriş verib ki, istənilən səviyyədə və formada olan təhdidə təcili, təsirli və coğrafi məhdudiyyət qoyulmadan cavab verilsin.
Ayətullah Seyid Müctəba Xamenei belə vurğuladı: “Düşmənlər yenidən hərbi və ya terror hücumlarına başlayacaqları təqdirdə, bunun nə vaxt və hansı şəraitdə başa çatacağını yalnız İran İslam Respublikasının Silahlı Qüvvələri və İran xalqı müəyyən edəcək”.
Ali Baş Komandan, həmçinin hərbi kəşfiyyat sisteminin gücləndirilməsini, “Doktrina” və “Taktika” sahələrində yerli müdafiə imkanlarının daha da inkişaf etdirilməsini, müasir texnologiyalardan istifadə etməklə müdafiə və təhlükəsizlik sahəsində ən yeni imkanların artırılmasını, mənəvi gücün və cihad ruhunun möhkəmləndirilməsini vurğuladı. Bununla yanaşı, Silahlı Qüvvələrin məişət ehtiyaclarının təmin edilməsi və dəstəklənməsi istiqamətində fasiləsiz səylərin göstərilməsinin vacibliyini qeyd etdi.
Ali Baş Komandanın digər göstərişlərindən biri də hədəflər siyahısının elə yenilənməsi olub ki, Amerika-Sionist düşmənin hər növ maddi və qeyri-maddi imkanları Silahlı Qüvvələrin hədəfinə çevrilə bilsin.
Ayətullah Xamenei İranı hədəf alan xarici qüvvələrə və onların daxildəki muzdurlarına qarşı çəkindirmənin əsas dayaqlarından biri kimi Silahlı Qüvvələrə milli dəstəyi qeyd edərək bildirdi: “Xalqın səkkiz aydır meydanlarda davam edən iştirakı səkkizillik Müqəddəs Müdafiənin davamıdır. Xalq hərbi qüvvələrin, hüquq-mühafizə orqanlarının və Bəsic qüvvələrinin əzmkarlığı ilə yanaşı, İranın ərazi bütövlüyünü və İslam quruluşunu qoruyub və bundan sonra da qoruyacaq”.
İslam İnqilabının Ali Rəhbəri müxtəlif ölkələrdə Müqavimət Cəbhəsinin düşünülmüş və qətiyyətli mövqeyini yüksək qiymətləndirərək, müxtəlif sahələrdə vəhdətin Qərbi Asiyada yeni siyasi və təhlükəsizlik nizamının formalaşmasında strateji təsirə malik həlledici amil olduğunu bildirdi. O, bu yeni nizamın yeni İslam sivilizasiyasının formalaşması üçün İslam xalqları və dövlətlərinin getdikcə daha sıx vəhdətinə zəmin yaradacağına ümidvar olduğunu ifadə etdi.
Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-mayor Abdullahinin, Ordunun baş komandanı general-mayor Hatəminin və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı general-mayor Vəhidinin Ali Baş Komandanla görüşündə ölkənin müdafiəçilərinin Fars körfəzi sahillərində, Hörmüz boğazının əməliyyat bölgələrində, Oman dənizində, eləcə də ölkənin şimal-qərb və cənub-şərq sərhədlərində döyüş hazırlığının vəziyyəti barədə hesabatlar təqdim olunub. Həmçinin müxtəlif növ sursatların, kəşfiyyat, dəstək və döyüş silahlarının istehsalının bir neçə dəfə artırılması barədə məlumat verilib.
Ali Baş Komandan görülən işlərdən məmnunluğunu bildirərək, yüksək rütbəli hərbi komandirlərdən təşəkkür və razılığını bütün hərbi qulluqçulara, hüquq-mühafizə orqanlarının əməkdaşlarına, Bəsic qüvvələrinə, bu qurumların və Müdafiə Nazirliyinin əməkdaşlarına, eləcə də onların dəyərli ailələrinə çatdırmağı istədi.