İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Müctəba Xameneinin Dünya İmperializminə qarşı Milli Mübarizə Günü münasibətilə müraciəti yayımlanacaq.
İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Müctəba Xameneinin Dünya İmperializminə qarşı Milli Mübarizə Günü münasibətilə müraciəti yayımlanacaq.

İnqilabın Ali Rəhbəri Ayətullah Seyid Müctəba Hüseyni Xamenei 13 Aban (4 noyabr) – Şagirdlər Günü və Dünya İmperializminə qarşı Milli Mübarizə Günü münasibətilə yayımladığı müraciətində vurğulayıb ki, İran xalqının cinayətkar Amerika ilə bağlı mövqeyi bu il əvvəlki illərlə müqayisədə daha aydın və şəffafdır.
O, Fars körfəzi və Hörmüz boğazını Amerikanın məğlubedilməzliyi əfsanəsinin puça çıxdığı meydan kimi qiymətləndirib və vurğulayıb: Hələ də hegemonluq sisteminin davranışının dəyişəcəyinə və ya onun daxilində partiyaların yer dəyişməsinə az da olsa ümid bəsləyən, güzəştlər etməklə Amerikanı İran xalqına qarşı düşmənçilikdən çəkindirməyin mümkün olduğunu düşünənlər batil düşüncədədirlər.
İnqilabın Ali Rəhbərinin müraciətinin tam mətni belədir:
Bağışlayan və mehriban Allahın adı ilə
Bu gün Dünya İmperializminə qarşı Milli Mübarizə Günüdür. Bu gün haqq cəbhəsinin batil cəbhəsi, məzlumların zalımlar qarşısında dayandığı mübarizənin bir sıra mühüm dönüş nöqtələrini özündə birləşdirir. Demək olar ki, bu il 13 Aban (4 noyabr) günü İran xalqı cinayətkar Amerika ilə bağlı mövqeyini əvvəlki illərlə müqayisədə daha aydın və qəti şəkildə müəyyənləşdirib. Bununla belə, Amerikanın getdikcə artan düşmənçiliyinin köklərini, səbəblərini və əsas dönüş nöqtələrini, eləcə də İran xalqının ona qarşı möhkəm müqavimətini bir daha nəzərdən keçirmək gələcək yolumuz üçün bir istiqamət (mayak) rolunu oynayır.
Amerikanın İran xalqına qarşı zülmünün başlanğıcı yeddi onillikdən də əvvələ gedib çıxır. Belə ki, milli sərvətlərin və xüsusilə neft ehtiyatlarının talan edilməsini davam etdirmək üçün 19 avqust 1953-cü ildə dövlət çevrilişi təşkil etdi. İslam inqilabının qələbəsinə qədərki sonrakı onilliklər də Amerika hakimlərinin İran xalqının sərvətlərini qarət etmək üçün böyük səylər göstərdiyi bir dövr oldu. Bu yolda onlar SAVAK-ı yaratmaqla və cəmiyyətdə ağır təhlükəsizlik mühiti formalaşdırmaqla həmin dövrün zalım hakimiyyətinin hər cür etiraz hərəkatını amansızcasına yatırmasına daha geniş imkan yaratdılar. İslam İnqilabının möhtəşəm qələbəsi ərəfəsində də öz əlaltı hakimiyyətlərini qoruyub saxlamaq üçün müxtəlif hiylələrə əl atdılar.
İran xalqının böyük inqilabının qələbəsindən sonrakı dövrdə də Amerikanın düşmənçilik siyasətindən danışarkən, onun xalqın əleyhinə yönəlmiş çoxsaylı addımlarından ibarət uzun bir siyahı təqdim etmək olar. Bu addımlara ölkəni parçalamağa çalışan qruplara, dövlət çevrilişi təşkil edənlərə və kor-koranə düşmənçilik aparan münafiqlərə dəstək vermək daxildir. Həmin bu münafiq qrup xüsusi istedadlı elmi, siyasi və ictimai şəxsiyyətləri, eləcə də çoxsaylı sadə insanları amansızcasına şəhid edirdilər. Həmçinin birinci tətbiq olunmuş müharibədə BƏƏS partiyasına birbaşa və hərtərəfli dəstək göstərilməsi, sərnişin təyyarəsindəki mülki şəxslərin qətlə yetirilməsi, uzun illər davam edən genişmiqyaslı və ağır iqtisadi sanksiyalar, çoxsaylı iğtişaş və fitnələrin planlaşdırılması və dəstəklənməsi, hətta onların silahla təmin edilməsi, İranın və İslam ümmətinin milli qəhrəmanı general Süleymaninin terror edilməsi, İran xalqının müxtəlif ölkələrdəki pul və əmlakının oğurlanması, nəhayət, ikinci və üçüncü tətbiq olunmuş müharibələrdə birbaşa hərbi təcavüz və çoxsaylı xüsusi istedada malik şəxslərin nümayəndələrinin, alimlərin, komandirlərin, habelə yeni doğulmuş körpələrdən və azyaşlı uşaqlardan tutmuş qocalara qədər çoxlu sayda məzlum iranlının, onların başında isə İslam İnqilabının böyük və əzəmətli Rəhbərinin (Allah onun pak ruhunu şad eləsin) şəhid edilməsi bu addımların sırasındadır.
Bütün bu mərhələlərdə Amerikanın hegemon hakimləri və onların əlaltıları daim öz hökmranlıqlarını İrana qəbul etdirməyə və ölkəmizi təslim olmağa məcbur etməyə çalışıblar. Hətta bu zorakılığın son nümunələrində beynəlxalq münasibətlərin bütün saxta və aldadıcı qaydalarını, zahiri normalarını bir kənara qoyaraq, həyasızcasına ölkəni parçalamağa, xalqı diz çökdürməyə, dövlət quruluşunu dağıtmağa və İranın qədim, köklü sivilizasiyasını məhv etməyə çalışırlar. Lakin hər dəfə İranın qeyrətli xalqının möhkəm iradəsi və real vəziyyətin keçilməz səddi ilə üzləşiblər. Yanlış hesablamalarının və hegemonluq xülyalarının nəticəsi isə Amerika xalqının və onun əlaltı hökumətlərinin çiyninə ağır xərclər şəklində yüklənib.
Amerikanın müsəlman İran xalqına qarşı çoxdankı düşmənçiliyinin və bütün iranlıların bu düşmənə qarşı mərdliklə müqavimətinin hekayəsi artıq elə bir mərhələyə çatıb ki, təkcə 13 Aban deyil, bütün günlər və saatlar Böyük Şeytana qarşı mübarizə və müqavimət günlərinə çevrilib.
Bu gün Fars körfəzində, xüsusilə Hörmüz boğazında baş verənlər Amerikanın yenilməzliyi haqqında uydurulmuş əfsanənin puça çıxmasını göstərməklə yanaşı, yalnız öz xalqına deyil, başqa qüvvələrə arxalanan hökumətlərin zəifliyini və acizliyini, eləcə də böyük dövlətlərin öz əlaltı hakimiyyətlərini müdafiə etməkdə vəfasızlığını və gücsüzlüyünü ortaya qoyur.
İranın Hörmüz boğazı üzərində nəzarəti həyata keçirməsi və bölgə ölkələrindəki Amerika hərbi bazalarını sıradan çıxarması, hərçənd üçüncü tətbiq olunmuş müharibədə Amerikanın təcavüz və cinayətlərinə verilmiş cavab idi, eyni zamanda regional miqyasda imperializmə qarşı ibtidai cihad da hesab olunur. Təcavüzkar hərəkətlər təkrarlanarsa, bu mübarizənin miqyası daha da genişlənəcək.
Bu qüdrət əlaməti haqq cəbhəsinin müxtəlif sahələrdə birliyi və Fələstindən Livana, İraqdan Yəmənə qədər Müqavimət cəbhəsinin ağıllı və qətiyyətli qəhrəmanlıqları ilə birlikdə haqq cəbhəsinin bayrağının yüksələcəyinin və yeni dünya nizamının formalaşması üçün zəmin yaranacağının aydın və ümidverici başlanğıcıdır. Çünki haqq cəbhəsi Allaha təvəkkül, səbir, müqavimət və fədakarlıq nümayiş etdirdikdə, batil cəbhəsi hansı gücə və qüdrətə malik olmasından, kimlərdən və nələrdən ibarət olmasından asılı olmayaraq, onun qarşısında tab gətirə bilməz. Geri çəkilmək və məğlubiyyət onun qaçılmaz sonudur. (Quran bu barədə buyurur:) "Həqiqətən də, batil məhvə məhkumdur".
Allaha şükürlər olsun ki, İran xalqı İslamın həqiqi Məhəmmədi təlimlərindən (Allahın salavatı və salamı Ona və Əhli-beytinə olsun), İslam İnqilabının maarifindən və öz müdrik rəhbərləri olan böyük Xomeyni və şəhid Xameneinin (Allah onların məqamlarını ucaltsın) məktəbindən mühüm dərsləri yaxşı mənimsəyib. İlahi vədlər gerçəkləşdikcə bu yolun haqq olduğuna inamı da gündən-günə daha da dərinləşib.
Bu gün hegemon qüvvələrin öz əməlləri nəticəsində rüsvay olması səbəbindən Amerikanın getdikcə zəifləyən qüdrəti və hökmranlığı həm hərbi güc, həm də beynəlxalq miqyasda yumşaq güc baxımından geri dönməz tənəzzülə uğrayıb və bu süqut prosesi daha da sürətlənib.
Əgər hələ də Amerikanın davranışını dəyişəcəyinə və ya onun hakimiyyətində partiya və siyasi cərəyanların dəyişməsi ilə vəziyyətin fərqli olacağına az da olsa ümid bəsləyənlər varsa, yaxud Amerikaya güzəştlər etməklə onu İran xalqına qarşı düşmənçilikdən çəkindirməyin mümkün olduğunu düşünənlər varsa, onlar böyük səhv edirlər. Bu batil təsəvvür İranın müsəlman xalqının Allaha təvəkkül, müqavimət və cihadı sayəsində qazandığı əzəmətli fəthlərə qarşı nankorluqdur.
Böyük Şeytanın arzusu İran xalqının qeyd-şərtsiz təslim olmasıdır. Hegemon düşmən qarşısında ən kiçik təslimçilik meyli belə şəhidlərin qanı və xalqın bütün təbəqələrinin fədakarlığı sayəsində əldə edilmiş böyük sərvəti əldən vermək deməkdir. Bu, həm də hegemon düşməni daha çox tələb irəli sürməyə, yeni müharibələrə və növbəti təcavüzlərə daha da cəsarətləndirəcək.
Mütləq önləyici qüdrət səviyyəsinə çatmağın yeganə yolu hərtərəfli inkişaf istiqamətində "Hər nə qədər güclü İran" strategiyasını davam etdirməkdir. Bu yolda cəmiyyətin bütövlüyü, birliyi və həmrəyliyi uğurun əsas amilidir. Bu birlik xalqın və məsul şəxslərin bütün fərdi və ictimai davranış və fəaliyyətlərində öz əksini tapmalıdır.
Bu baxımdan xalqın dövlət rəsmilərinə dəstək verməsi nə qədər vacibdirsə, rəsmilərin də xalqa daha çox və fədakarcasına xidmət etməyə, onlarla səmimi münasibət qurmağa, güzəranlarını və rahatlıqlarını təmin etməyə, maddi və mənəvi inkişaflarına, izzət və müstəqilliklərinin qorunmasına daha çox diqqət yetirməsi də bir o qədər əhəmiyyətlidir.
Əziz İranın parlaq və əzəmətli gələcəyini qurmaq üçün ön sıralarda dayanan təbəqə gənclərimiz, universitet tələbələrimiz və məktəblilərimizdir. Onlar daim "Ümidsizlik, məyusluq və mümkünsüzlük" adlı qaranlıq yuvanı ələ keçirib dağıtmağa, "Ümid və biz bacararıq" adlı işıqlı məkanı isə fəth etməyə çalışmalıdırlar.
Bu məmuriyyətin yerinə yetirilməsi üçün son dərəcə hazırlıqlı olmaq, elm, təqva, bacarıq, əxlaq, iradə və böyük səylə silahlanmaq, eləcə də ali məqsədlərə çatmaq üçün "Həm əhd" olmaq lazımdır.
Ümid edirik ki, Allahın lütfü və Ağamızın (Allah onun şərafətli zühurunu tezləşdirsin) duası sayəsində İran xalqı tezliklə qələbə, xoşbəxtlik və hərtərəfli tərəqqiyə nail olacaq, Böyük Şeytanın hökmranlığının daha da sürətlə və geniş miqyasda süqut etməsi üçün zəmin yaranacaq.
"Onlar bunu uzaq görürlər, biz isə yaxın görürük".
Seyid Müctəba Hüseyni Xamenei
04.11.2026