rahbar.ir

İnqilab Rəhbərinin IV Milli Əhalinin Gəncləşdirilməsi Mükafatı tədbirinə müraciəti:

Keçmişdə əhali ilə bağlı yürüdülmüş bəzi siyasətlərin doğurduğu çatışmazlıqlar aradan qaldırılmalıdır.

İnqilab Rəhbəri müraciətində əhalinin artmasının "İranın daha da güclənməsi" hədəfinə çatmaqda oynadığı əsas rola toxunaraq vurğuladı:


Keçmişdə əhali ilə bağlı yürüdülmüş bəzi siyasətlərin doğurduğu çatışmazlıqlar aradan qaldırılmalıdır.


İslam İnqilabının Rəhbəri Ayətullah Seyid Müctəba Hüseyni Xamenei IV Milli Əhalinin Gəncləşdirilməsi Mükafatı tədbirinə ünvanladığı müraciətdə "Ailə mərkəzli əhali artımı" siyasətini strateji siyasət və İranın qüdrətinin, eləcə də inkişafının ən mühüm amillərindən biri adlandırdı. O Həzrət vurğuladı: "Şübhəsiz, bu torpaq, onun xalqı və ölkəmiz üçün parlaq və əzəmətli gələcək arzulayan hər bir qeyrətli iranlının yeni İslam sivilizasiyasının səviyyəsinə uyğun olaraq iranlıların nəsil davamlılığının təmin edilməsi üçün güclü maraq və iradəsi olacaqdır".


İslam İnqilabının Rəhbərinin bu gün səhər xanım doktor Mərziyə Vəhid Dəstcerdi tərəfindən tədbirdə oxunan müraciətinin mətni belədir:

Bağışlayan və mehriban Allahın adı ilə

IV Milli Əhalinin Gəncləşdirilməsi Tədbirinin keçirilməsi əhali kimi mühüm məsələ haqqında danışmaq üçün yaxşı fürsətdir. İranın qüdrətinin, inkişafının və daha da güclü İranın qurulmasının əsas amilləri arasında əziz İranın gələcək əhalisinin, həm kəmiyyət, həm də keyfiyyət baxımından bütün arzuolunan xüsusiyyətləri qorunmaqla artırılması ən mühüm məsələlərdən biridir. Son onilliklərdə şəhid və uca məqamlı əzəmətli Rəhbər tərəfindən dəfələrlə vurğulanmış bu strateji və taleyüklü məsələ həm ölkənin potensialının reallaşdırılmasında, müxtəlif elmi, mədəni, iqtisadi və sosial imkanların yaradılmasında və inkişaf etdirilməsində, həm də düşmənlərin təhdidlərinin və bədxah niyyətlərinin qarşısının alınmasında mühüm rol oynayır.

Görünür, ölkənin proqramlaşdırma və idarəetmə sahəsində uzun müddət hökm sürmüş, ağır itkilərə səbəb olmuş qəflətdən sonra hazırda bəzi tədbirlərin nəticəsində xalqın və məsul şəxslərin bu məsələyə daha dərindən yanaşması üçün şərait yaranıb.

Əhalinin müxtəlif cəhətlərinə, eləcə də onun müxtəlif sahələrdəki ehtiyac və tələblərinə diqqət yetirərkən bəzən ailə, bəzən isə fərd əsas meyar kimi götürülür. Mənzil, eləcə də bir çox mal və xidmətlər kimi bəzi sahələrdə istehlakçı və istifadəçi ailə hesab olunur. Qida, geyim və sağlamlıqla bağlı məsələlər kimi digər sahələrdə isə fərd əsas meyar vahidi kimi qəbul edilir. Arzuolunan əhali sayına çatmaq məsələsində hər iki amil nəzərə alınmalıdır. Buna görə də ailənin təməlini möhkəmləndirməklə bağlı müxtəlif infrastruktur və sahələrə diqqət yetirmək ölkədə əhali artımının göstəricilərini yaxşılaşdırmaq istiqamətində səylərin daimi tərkib hissəsi olmalıdır. Eyni zamanda, fərdlə bağlı məsələlərə də diqqət yetirilməsi zəruridir.

Gənc yaşda nikahın asanlaşdırılmasına ciddi və geniş miqyasda diqqət yetirilməsi, bir çox amildən asılı olan fərdi sağlamlığın təmin olunması, övlad sahibi olmağın dəstəklənməsi, ailə mərkəzli düşüncə tərzinin təbliği və bu sahədə uğurlu nümunələrin tanıdılması – bunların hər biri İranın daha da güclənməsi yolunda təsirli addımdır. Bu məsələlərin bütün xalqa, xüsusilə də gənclərə düzgün şəkildə izah edilməsi də bu istiqamətdə əlavə töhfə olacaqdır.

Şübhəsiz, bu torpaq, onun xalqı və ölkəmiz üçün parlaq və əzəmətli gələcək arzulayan hər bir qeyrətli iranlının yeni İslam sivilizasiyasının səviyyəsinə uyğun olaraq iranlıların nəsil davamlılığının təmin edilməsi üçün güclü marağı və iradəsi olacaqdır. Dərin ümid bəsləyirəm ki, keçmişdə əhali ilə bağlı yürüdülmüş bəzi siyasətlərin doğurduğu çatışmazlıqların aradan qaldırılması, gənc əhalinin artırılması və bu məsələdə ailənin əsas götürülməsi kimi düzgün və strateji siyasətin ciddi şəkildə davam etdirilməsi sayəsində əziz vətənimiz içində olduğumuz bu çətin mərhələni və taleyüklü dönəmi salamatlıqla geridə qoyacaqdır.

 

Həmçinin, Allahın lütfü və Ağamızın (Allah-təala şərafətli zühurunu tezləşdirsin) xeyir-duası və bərəkəti sayəsində bu dövrdə haqq və ədalətin bayraqdarı hesab olunan iranlılara İlahi bərəkətlərin daha çox və daha yaxşı nazil olması üçün şərait yaranacaqdır, Allahın lütfü və kərəmi sayəsində.
 

Seyid Müctəba Hüseyni Xamenei

24.11.2026